Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü başa çatıb. İlk imtahan günündə Şirvan-Salyan regionu üzrə davamiyyət 100 faiz təşkil edib.
Hafta.az-ın məlumatına görə, region üzrə imtahan Salyan şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub. İmtahan mərkəzində ən yüksək nəticəni 54 balla Neftçala rayonu Xıllı qəsəbəsi Faruq Quliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mələkxanım Əsədova göstərib.
O bildirib ki, sertifikasiya imtahanına hazırlıq yalnız imtahan ilində deyil, peşə fəaliyyətinin ayrılmaz hissəsi kimi davamlı şəkildə aparılıb:
“Daim ixtisasımla bağlı yenilikləri izləyir, yeni dərs vəsaitləri və tədris materialları ilə tanış oluram. Öz üzərimdə işləməyi müəllimlik peşəsinin əsas tələblərindən biri hesab edirəm”.
Mələkxanım Əsədova imtahan prosesinin həyəcanlı keçdiyini, lakin vaxt bölgüsünə düzgün əməl etməyin uğur qazanmasında mühüm rol oynadığını vurğulayıb:
“Həyəcanlı olsam da, sualları asandan çətinə doğru mərhələli şəkildə həll etdim. Vaxtımı düzgün bölüşdürdüm və son yarım saat ərzində bütün sualları yenidən nəzərdən keçirmək imkanım oldu”.
Müəllimin sözlərinə görə, imtahanda təqdim olunan suallar orta səviyyədə olmaqla yanaşı, düşündürücü və fənni hərtərəfli əhatə edən məzmunu ilə seçilib.
Sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə tövsiyələrini də bölüşən Mələkxanım Əsədova bildirib ki, bu prosesdən çəkinməyə ehtiyac yoxdur:
“Testlər işləmək, qaydaları oxumaq müəllim üçün qorxulu və ya çətin bir proses deyil. Əksinə, maraqlı sualları şagirdlərimlə müzakirə etməyi, onların fikirlərini öyrənməyi sevirəm. Bu, həm müəllim, həm də şagird üçün faydalı təcrübədir”.
O, sertifikasiyanın müəllimlərin peşəkar inkişafına mühüm töhfə verdiyini də qeyd edib:
“Sertifikasiya ilk növbədə müəllimin motivasiyasını və məsuliyyət hissini artırır. Eyni zamanda, ixtisas və pedaqogika sahəsində biliklərimizi daha da dərinləşdirməyə kömək edir. Bu proses müəllimi daim öyrənməyə, yenilənməyə və hazırlıqlı olmağa sövq edir. Məncə, bu, təhsilimizin inkişafı baxımından olduqca vacib və arzuolunan bir yanaşmadır”./Azərbaycan müəllimi/